Yaş artdıqca beyin fəaliyyətinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Son araşdırmalar göstərir ki, bəzi süd məhsullarının müntəzəm istehlakı 60 yaşdan yuxarı insanlarda idrak göstəricilərinin daha yüksək olması ilə əlaqələndirilir.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər 22 elmi işi təhlil edərək ümumilikdə təxminən 47 min iştirakçının nəticələrini araşdırıblar. Bir sıra təsadüfi seçmə tədqiqatlarda süd məhsullarını rasiona daxil edən şəxslərdə ümumi idrak qabiliyyəti, yaddaş və məlumatın emal sürətində yaxşılaşma qeydə alınıb.
Xüsusilə fermentləşdirilmiş süd məhsulları – yoqurt və digər turşudulmuş məhsullar daha aydın müsbət təsirlə seçilib. Mütəxəssislər bunu tərkibdə olan bioaktiv maddələr və bağırsaq mikroflorasına təsirlə izah edirlər. Bununla belə, bəzi araşdırmalarda çox miqdarda tam süd istehlakının əksinə, idrak göstəricilərinin azalması ilə əlaqəli olduğu qeyd olunub.
Alimlər bildirirlər ki, nəticələr arasındakı fərqlər məhsul növü, müşahidə müddəti, iştirakçıların təhsil səviyyəsi, qidalanma vərdişləri və ürək-damar riskləri kimi amillərlə bağlı ola bilər. Ümumilikdə isə süd məhsullarının, xüsusilə fermentləşdirilmiş növlərin, yaşlılıq dövründə beyin sağlamlığının qorunmasına töhfə verə biləcəyi vurğulanır.






