Yaxşı dəmlənmiş çayın tərkibində sağlamlıq üçün faydalı olan antioksidantlar və polifenollar var. Hətta alimlər çayın beyin fəaliyyətini və həzmi yaxşılaşdırdığını təsdiqləyirlər. Bununla belə, mütəxəssislər yeməkdən sonra və şirniyyatla çay içmək vərdişinə birmənalı yanaşmırlar.
Yeməkdən sonra çay içmək faydalıdır, yoxsa zərərli?
Bu sualın cavabında Foodinfo.az bildirir ki, bəzi tədqiqatçılar yeməkdən sonra çay və ya bitki mənşəli dəmləmələrin həzm şirəsi və fermentlərin ifrazını stimullaşdırmaqla faydalı ola biləcəyini hesab edirlər. Lakin yeməkdən sonra çay içməyin zərərləri də var.
Həkim Olqa Fedorovanın sözlərinə görə, çay nə qədər tünd olsa, yeməkdən dərhal sonra və ya yemək zamanı onu içməyin zərəri bir o qədər çox olacaq.
Çayın tərkibində olan tanin maddəsi dəmir, sink və kalsiumun qəbuluna mane ola bilər, həmçinin, maddələr mübadiləsinə və mədə-bağırsaq traktına mənfi təsir edir. Bundan əlavə, yeməkdən dərhal sonra çay içmək mədə yanmasına səbəb ola bilər.
Yeməkdən sonra bir stəkan çaydan imtina edə bilmirsinizsə, mütəxəssis həzmi yaxşılaşdırmaq üçün yaşıl çay, bitki mənşəli və ya zəncəfilli dəmləmə içməyi məsləhət görür.
Fərid