Orqanizmin infeksiyanın hücumuna cavabını yavaşıtmaq koronavirusun əsas "hiylə"si ola bilər. Foodinfo.az "Report"-a istinadən xəbər verir ki, bu barədə amerikalı virusoloq Şeyn Krotti “Bloomberg”ə bildirib. "Bu (hiylə - red) əhəmiyyətli bir müddət üçün ilkin immun cavabdan qaçmaq və xüsusən I tip interferonun erkən reaksiya verməməsindən ibarətdir", - o deyib. Daha əvvəl tədqiqatçılar COVID-19-un interferon çatışmazlığı ilə əlaqəsinə artıq diqqət yetirdilər: məsələn, çatışmazlığın xəstəliyin ağır gedişatına səbəb olan həlledici bir amil ola biləcəyi bildirilib. Amerika alimlərinin “Science” jurnalında dərc edilmiş məlumatına əsasən əvvəllər digər xəstəliklərin müalicəsində istifadə olunan sintetik interferonlardan yararlanma koronavirusla mübarizədə təsirli ola bilər. Bu araşdırmanı həmçinin digər alim də şərh edib. Niderland eksperti Aleksandr Hoyşen interferondan istifadənin yalnız xəstəliyin ilkin mərhələsində COVID-19-la mübarizədə kömək edəcəyini bildirib. O, digər hallarda, infeksiyanın gedişi və xəstənin yaxşılaşmasının zamandan asılı olacağını vurğulayıb.