Britaniyalı tədqiqatçılar koronavirus xəstəliyinin diaqnostikasını çətinləşdirən simptomsuz formaların sayının artmasına diqqət yetiriblər. London Universiteti Kolleci alimlərinin apardığı tədqiqatın nəticələri Niderlandın “Clinical Epidemiology” jurnalında dərc edilib. Foodinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqatçılar Milli Statistika İdarəsinin pilot layihəsinin pandemiyanın aprelin 26-dan iyunun 27-dək olan dövründə koronavirus testindən keçmiş insanlar haqqında informasiyaları əhatə edən məlumatlarından istifadə ediblər. Ümumilikdə 36 min 61 nəfərin, o cümlədən SARS-CoV-2 üzrə testi müsbət nəticə göstərən 115 nəfərin analiz məlumatları təhlil edilib. Məlum olub ki, koronavirus testində analizi müsbət çıxanlardan yalnız 16 nəfərdə “COVID-19” əlaməti, o cümlədən öskürmə, yüksək temperatur, iybilmə və dadbilmənin itməsi müşahidə edilib. 99 nəfərdə xəstəliyin əlamətləri özünü göstərməyib, halbuki testin nəticəsi müsbət olub. Alimlərin fikrincə, koronavirusun simptomsuz formaları diaqnostikaya mane olur. Ona görə də bir analizdə birləşən yeni test alqoritmi hazırlanmalıdır. Simptomsuz koronaviruslu halların yayılma dərəcəsi də fərqlidir. Məsələn, Pekində COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirillmiş 262 xəstədən 13-də xəstəliyin əlamətləri müşahidə olunmayıb. İtaliyanın əyalətlərində koronavirusa görə xəstəxanalara yerləşdirilənlərin 40-75 faizində xəstəliyin simptomları müşahidə edilməyib. İslandiyada isə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş 100 nəfərdən 43-də simptom qeydə alınmayıb.