Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Giorgi Surmanidze ilə görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Acarıstanın Kənd Təsərrüfatı Nazirliyinin Laboratoriya Tədqiqat Mərkəzinin rəis müavini Koba Kupatadze, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Zurab Pataradzenin də iştirak etdiyi görüşdə AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri üzrə indiyə qədər həyata keçirilən tədbirlər haqda məlumat verib. Sədr Gürcüstanla ölkəmiz arasında Agentliyin nəzarət dairəsinə aid fəaliyyətdən və qida təhlükəsizliyi sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edilib ki, AQTA və Gürcüstan Milli Qida Agentliyi arasında bu günə kimi baş tutan görüşlərdə bir sıra istiqamətlər, o cümlədən sərhədyanı ərazilərdə birgə monitorinqlərin təşkili, beynəlxalq təcrübələrdən istifadə, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələlər diqqət mərkəzində olub. Ölkələr arasında əlaqələrin hər iki tərəfin səyi ilə ilbəil genişləndiyini deyən nazir Giorgi Surmanidze münasibətlərin bütün sahələr, o cümlədən qida təhlükəsizliyi sahəsində inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Daha sonra tərəflər birgə fəaliyyətdə maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.