Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COVID-19-dan qorunmaq üçün fermerlərin bilməli olduqları bəzi məqamları açıqlayıb. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, təsərrüfat sahələrində işçilər arasında azı 2 metrlik məsafə saxlanılmalıdır. Çirkli əllərlə ağız, burun və gözlərə toxunulmamalı, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır. İş paltarı, boşqab, stəkan, dəsmal və bu kimi digər əşyalar ortaq istifadə edilməməlidir. Eyni zamanda tək istifadəlik maska, əlcək düzgün çıxarılıb, paketə qoyularaq qapalı zibil qutusuna atılmalı, iş paltarı 60°-də yuyucu tozla yuyulmalıdır. Evə gəldikdə əllər sabunlanaraq azı 20 saniyə axar su altında yuyulmalıdır.