Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə risklərin dəyərləndirilməsi üzrə təcrübə mübadiləsində iştirak ediblər. Təcrübə mübadiləsi “Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında Qida Təhlükəsizliyi mövzusunda əməkdaşlığa dair ortaq fəaliyyət planı” çərçivəsində reallaşdırılıb.
Foodinfo.az-ın məlumatına görə, səfər zamanı mütəxəssislər Kənd Təsərrüfatı və Meşə Nazirliyinin (KTMN) Risk Dəyərləndirmə Dairə Başqanlığında risklərin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinə dair təşkil edilmiş bir sıra görüşlərdə iştirak ediblər. Nümayəndə heyəti KTMN-də fəaliyyət göstərən “Qida kimi istifadə edilə bilən bitkilər Komissiyası Katibliyi”, “Qida tərkib hissələri və yeni qidalar Komissiyası Katibliyi”, “Qida ilə təmasda olan maddələr və materiallar Komissiyası Katibliyi”, “Qida maddələri Komissiyası Katibliyi”, “Çirkləndiricilər Komissiyası Katibliyi”, “Bitki sağlamlığı Komissiyası Katibliyi” və “Bioloji təhlükələr Komissiyası Katibliyi”, eləcə də EFSA (Avropa Qida Təhlükəsizliyi Təşkilatı) təmas nöqtəsi ilə görüş və müzakirələrə qatılıb.
Bundan əlavə, mütəxəssislər KTMN-nin Milli Qida Referens Laboratoriyasına da səfər edərək, laboratoriyaların iş şəraiti, avadanlıqlar, analiz proseslərinin həyata keçirilmə metodları ilə yaxından tanış olublar.