Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, bu məqsədlə agentliyin fitosanitar müfəttişləri tərəfindən Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında, eyni zamanda Gürcüstanla həmsərhəd ərazilərdə xüsusi təhlükəli zərərli orqanizm olan mərmər bağacığına (Halymorpha halys) qarşı monitorinq keçirilib. Monitorinq zamanı mərmər bağacığı aşkar edilməyib. Təsərrüfat sahiblərinə mərmər bağacığının inkişafı, yayılma yolları, zərərləri barədə ətraflı məlumat verilib, oxşar zərərvericilər aşkarlandıqda AQTA-nın regional bölməsinə müraciət etmələri tövsiyə olunub. Onlara sözügedən zərərli orqanizmlə bağlı Agentlik tərəfindən hazırlanmış “Bitkilər üçün yeni təhlükə mənbəyi” adlı bukletlər paylanılıb. Sonda təsərrüfat sahiblərinin sualları cavablandırılıb. Qeyd edək ki, növbəti monitorinqlərin may ayında keçirilməsi nəzərdə tutulub.