2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı ilə bağlı 2130 müraciət edilib. Onlardan 1731-i qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib. Bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirib ki, tərkibində ağır metallar aşkar edilən 2 müraciət üzrə məhsulların məhv edilməsi haqqında qərar verilib. 2 müraciət üzrə məhsullar tərkibində ağır metal aşkar edildiyindən və orqanoleptik göstəriciləri uyğunsuz olduğundan geri qaytarılıb. Foodinfo.az xəbər verir ki, Q. Təhməzlinin sözlərinə görə, BFMQƏ-lər ilə bağlı müxtəlif uyğunsuzluqlar aşkarlanıb: “Etiket məlumatlarında BFMQƏ-nin xəstəliklərin müalicəsi və profilaktikası zamanı istifadə edilməsi, habelə bu cür təəssürat yaradan və istehlakçıların çaşdırılmasına səbəb olan ifadə və məlumatların göstərilməsi, qablaşdırma və istifadə təlimatlarının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, qida təhlükəsizliyi sertifikatı olmadan qanunsuz olaraq satışının həyata keçirilməsi, uşaqlar üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən ifadə, şəkil və rəsmlərin yerləşdirilməsi, qadağan olunduğu halda BFMQƏ-lərin həkim reseptinə yazılması və apteklərdə dərman vasitəsi kimi satılması halları aşkarlanır”.