“ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir. Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq”. Foodinfo.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlayır: “Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsində gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün “Brent” markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb. OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”. V. Bayramovun sözlərinə görə, ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da, investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir: “Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındaki qiymət artımları məhsul qıtlığı ilə də müşayiət olunur. Görünən odur ki, “bu xəmir hələ çox su aparacaq””.