Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Sadi Kərimzoda arasında ikitərəfli görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın qida təhlükəsizliyi sistemindən bəhs edən AQTA sədri Qoşqar Təhməzli sahənin inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb, həyata keçirilən yeniliklər, o cümlədən innovativ həllərin tətbiqi üzərində keyfiyyətin yüksəldilməsi ilə ümumilikdə əldə olunan nailiyyətləri qeyd edib. Eyni zamanda ölkələr arasında qida məhsullarının idxal-ixrac prosesinin daha səmərəli təşkili, həmçinin heyvan, bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin, iki ölkə arasında qida təhlükəsizliyinin təmin olunmasında ikitərəfli görüşlərin davam etdirilməsinin faydalı olacağı vurğulanıb. Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Sadi Kərimzoda bütün sahələr, o cümlədən qida təhlükəsziliyi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Görüşdə idxal-ixrac proseslərinin sadələşdirilməsi, operativliyin təmin olunması məqsədilə Tacikistanın idxal tələblərinin Agentliyə təqdim olunması kimi məsələlər önə çəkilib. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş”də nəzərdə tutulan məsələlərin icrasının daha səmərəli təmin olunması məqsədilə işçi qrupun formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb. Görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə, eyni zamanda özəl baytarlıq fəaliyyətinin qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılması mövzusunda fikir mübadiləsi aparılıb. [gallery ids="47003,47004,47005"]