Bir müddətdir ki, Azərbaycanda heyvanların qeydiyyata alınması və identifikasiyası ilə bağlı hazırlıq işləri görülür.
Sistemin hazırlanması və fəaliyyəti barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Oxu.az-a müsahibə verib.
Foodinfo.az həmin müsahibəni təqdim edir:
- Ölkəmizdə heyvanların qeydiyyata alınması nə vaxtdan başlayacaq? Bu sistemin heyvan sağlamlığının təmin olunmasında oynadığı rolu necə qiymətləndirirsiniz?
- Heyvanların identifikasiyası sistemi nədir və onun əhəmiyyəti nədən ibarətdir?
- Hazırda inkişaf etmiş və heyvan mənşəli məhsulların ticarətini həyata keçirən ölkələr bu sistemdən istifadə edirlər. Burada ilkin addım sistemin proqram təminatının tam yaradılmasıdır. Bu proqram təminatı hər bir ölkə üçün spesifik olmaqla, onun ehtiyacını, təsərrüfatçılıq xüsusiyyətini və s. qarşılayır. Sistemdə heyvanın, sahibinin, obyektlərin coğrafi yerləşməsi üçün koordinatların qeydiyyatı və xüsusi olaraq heyvanların üzərində aparılan bütün baytarlıq tədbirləri, vaksinasiyalar, müalicə tədbirləri, laborator müayinələrin nəticələri, ölüm səbəbi qeyd edilir.
Bu sistemin özəlliklərindən biri də odur ki, xəstəlik halı baş verdikdə karantin ərazisindən heyvanın kənara daşınmasına icazə verilmir. Eyni zamanda bioloji və kimyəvi baytarlıq preparatlarının tətbiqindən sonra onların təlimatları ilə təyin edilmiş gözləmə dövrünə əməl olunur. Sisteminin əhəmiyyətini misallarla izah etsək, deyə bilərik ki, məsələn, qarayara xəstəliyinə görə peyvəndləmədən 2 həftə keçənə qədər kəsim məntəqəsində peyvəndləmə tarixi görünəcək və heyvan kəsimə buraxılmayacaq.
Həmçinin identikləşdirilməyən heyvana və qeydiyyatda olmayan müəssisəyə aid məhsulun ixracatı mümkün olmayacaq. Heyvan identikləşdirilməsə, ona baytarlıq xidməti göstərilməyəcək, heyvana və məhsula daşınma üçün sənəd verilməyəcək ki, bu da baytarlıq nəzarətində olmayan heyvana aid məhsulun istehlak dövriyyəsinə daxil olmasının qarşısını alacaq.
- Heyvanların qeydiyyata alınması və identifikasiyası ilə bağlı hazırlanan sistem barədə dünya təcrübəsi necədir?
- Ötən əsrin 60-cı illərindən başlayaraq dünyada heyvanların identifikasiyası sisteminin tətbiqinə başlanıb. 1980-cı illərdə isə qaramalda süngərvari ensefalopatiya xəstəliyinin mənşəyinin araşdırılması sistemin vacibliyini bir daha göstərdi və bu sahəyə diqqət artırıldı. Hazırda informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətləri tətbiq olunmaqla mükəmməl və çoxfunksiyalı sistemlər yaradılmışdır ki, ölkəmiz də dünyada ən son tələblərə cavab verən identifikasiya sistemini müvafiq uyğunlaşdırmadan sonra istifadə edəcək. Müasir sistemlərin yaratdığı imkan hesabına biz ölkəmizə idxal edilən hər bir heyvan və məhsul haqqında mənşə və izləmə məlumatlarını dürüst formada əldə edə bilirik.
Ölkəmizə idxal olunan hər bir heyvanın baytarlıq sertifikatına onun qeydiyyat nömrəsi də əlavə olunacaq. Bununla da, biz heyvanın hansı ölkəyə aid olmasını bilirik. Ölkəyə ancaq qeydiyyata alınan heyvanların idxalına icazə veriləcək. Onlar sərhəd keçid məntəqələrindən keçdikdən sonra karantinə yerləşdikləri zaman bizim sistemə daxil olacaq.
- Sistemin pilot şəklində sınaqdan keçirilməsi necə başlayacaq?
- Bizim ölkədə uzun illərdir ki, heyvanların identifikasiyası sisteminin qurulmasında bir sıra tədbirlər görülsə də, indiki kimi uğurlu nəticələr əldə edilməyib. Sınaq üçün seçilmiş ərazidə heyvanların, heyvan sahiblərinin və müəssisələrin heyvan kəsimi və süd emalı müəssisələrinin, heyvanların diri halda satıldığı bazarların və s. qeydiyyatı aparılmaqla “tövlədən süfrəyədək” izlənmə təmin ediləcək. Eyni zamanda indiyə qədər birkalanaraq identikləşdirilmiş heyvanlar haqqında məlumatlar da sistemə daxil olunacaq. Sözügedən region sınaq üçün seçildiyi üçün burada işlər başa çatdıqdan sonra sistemdə təkmilləşmə aparılaraq onun respublikada tətbiqinə başlanacaq.
Bu isə məhsul üzərində qida təhlükəsizliyi nəzarətinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Bu sistem “tövlədən süfrəyədək” bir zəncir üzrə qurulmaqla diri heyvanlar, süd məhsullarının süfrəyə gəlməsinə kimi bütün informasiyanı özündə toplayacaq. Növbəti ildən isə digər regionlarda da heyvanlar sistemə daxil ediləcək.
- Yaradılan yeni bir sistem ilə Azərbaycanda nə qədər heyvan qeydiyyata alınacaq?
- Təxminən 40 min iribuynuzlu heyvanın, 1000-ə yaxın atın qeydiyyatı nəzərdə tutulub. Heyvanların hamısı iki ay müddətinə qeydiyyata alınacaq. Ölkəmizdə ümumi olaraq 2,5 milyon iribuynuzlu, 8,6 milyon xırdabuynuzlu heyvan var. Təxminən 100 minə yaxın at və dəvə var. 6 min donuz və müxtəlif müəssisələrdə saxlanılan 32 milyon quş var. İlkin növbədə iribuynuzlu heyvanlar və atların qeydiyyatı aparılacaq. Daha sonra mərhələli şəkildə digər heyvanlar qeydiyyata alınacaq. Heyvanların identifikasiyası dayanan proses deyil. 2025-ci ilə kimi ölkənin hər yerində və bütün heyvanlar üzrə prosesin aparılması nəzərdə tutulur.
- AQTA olaraq heyvanların identifikasiyası ilə bağlı fermerlərə hansı müraciəti ünvanlayardınız?
- Hər bir heyvan sahibi saxladığı heyvanın sayından və mülkiyyət formasından asılı olmayaraq heyvanların identikləşdirilməsi və qeydiyyata alınması üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməlidirlər. Eyni zamanda bu sistem heyvanlara baytarlıq xidmətlərinin göstərilməsi, məhsulların satışının aparılması və ixrac olunması üçün geniş imkanlar yaradacaq.