Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib. Bu barədə Foodinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Nazirə məlumat verilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Bildirilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.
Nazir bildirib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır: “Artıq sahələrdə intensiv səpinə start verilir. Pambıq əkini ilə bağlı 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanıb, əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Hazırda Biləsuvar rayonunda pambıq səpini prosesində iştirak edirik. Rayon üzrə 10 603 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Biləsuvar rayonunda pambıqçılığın gözəl ənənələri var. Təkcə ötən il biləsuvarlı fermerlər 30 min tona yaxın pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər”.
Nazir pambıqçılığa dövlət dəstəyi, bu ildən tətbiq olunan yeni subsidiya qaydaları barədə fermerlərə məlumat verib. İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb: “Hazırkı mərhələdə koronavirusun yayılmasının qarışısını almaq üçün dövlət tərəfindən görülən zəruri tədbirlərin fermerlərin aqrar fəaliyyətinə ciddi təsiri yoxdur. Aqrar sektorda fəaliyyət xüsusi karantin rejimi tələblərinə uyğun qurulur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iri tonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir”.
Nazir İnam Kərimov əlavə edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb: “Aqrar sahə Cənab Prezidentin daim diqqət və qayğısında olan bir sahədir. Dövlət başçısının aprelin 14-də imzaladığı Sərəncam fermerlərimizə əlavə bir dəstəkdir. Bilirsiniz ki, xusisilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunur. Cənab Prezidentin imzaladığı Sərəncam fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni Sərəncam fermerlərə girov tələb etmədən mikrokreditlərin verilməsini nəzərdə tutur”.
Fermer Nurəddin Mirzəyevə məxsus 6 hektarlıq sahədə kütləvi səpin işlərinə 2 çiyidsəpən aqreqat cəlb olunub. Çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.