Rusiyanın "Permskaya" qənnadı fabrikinin şirniyyat məhsulları tezliklə bahalaşacaq. Foodinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Boris Şvaytser bildirib. Onun sözlərinə görə, ölkədə və dünyada baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artacaq. "Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, son iki həftə ərzində 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar", - Şvaytser qeyd edib. Xatırladaq ki, "Permskaya" fabrikinin şirniyyatları bütün Rusiyaya, eləcə də Azərbaycan, Gürcüstan, Qırğızıstan, Litva, Estoniya, Almaniya və ABŞ-a tədarük olunur. Müəssisədə 120-dən çox adda məhsul istehsal edilir.