Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi ilə birgə “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində ilk görüş keçirilib. Videoformatda keçirilən görüşdə Avropa Birliyinə üzv dövlətlər tərəfindən icraçı partnyorlar olaraq - Latviya və Litva ilə yanaşı, dövlət qurumlarından və qeyri-hökumət təşkilatlarından təxminən 50-ə yaxın şəxs iştirak edib.
Foodinfo.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Tvinninq layihəsi çərçivəsində görülən işləri müsbət qiymətləndirib və bunun ölkəmizdə qida təhlükəsizliyinin təmin olmasına töhfə verəcəyini vurğulayıb. Z. Mustafayeva layihənin AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun institusional potensialının və əməkdaşlarının peşəkar bacarıqlarının artırılması baxımından çox faydalı olacağına əminliyini ifadə edib. Qeyd edib ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək bu layihənin də qarşılıqlı fəaliyyət və yüksək komanda işi nəticəsində ölkəmizdə sanitar və fitosanitar tədbirlərin gücləndirilməsində müsbət təsir göstərəcəkdir.
Daha sonra Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin nazir müşaviri və əməkdaşlıq üzrə rəhbəri xanım Simona Gatti “Fermadan Çəngələ” strategiyası çərçivəsində pestisid, gübrə və aqrokimyəvi maddələrin istifadəsinin azaldılaraq qida təhlükəsizliyini ən yüksək səviyyədə saxlamağa, orqanik istehsalı genişləndirməyə, qida tullantılarını məhdudlaşdırmağa və məsuliyyətli istehlakı təşviq etməyə səy göstərirdiklərini bildirib. Qeyd olunub ki, bu səbəbdən də təqdim olunan layihənin icrasına başlanmaqla Azərbaycanda nəzarət, pestisid qeydiyyatı və istifadəsinin AB və beynəlxalq standartlara uyğunlaşdırılmasına kömək edəcəkdir.
Tədbirdə Latviyadan layihə rəhbəri xanım Kristine Lifanova, Litvadan kiçik layihə lideri cənab Sergejus Fedotovas, habelə AQTA və AB-dən layihənin fəaliyyətləri üzərində işləyəcək qida təhlükəsizliyi və bitki mühafizəsi üzrə əsas mütəxəssislər konfransda təqdimatla çıxış ediblər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar (SF) qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlarla uyğunlaşdırmaqdan ibarətdir. Layihə AQTA tərəfindən Latviya Respublikasının Dövlət Bitki Mühafizə Xidməti və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir və 24 ay davam etməsi nəzərdə tutulub.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?