Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər keçirir. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, bu istiqamətdə AQTA əməkdaşları müvafiq qurumların mütəxəssisləri ilə birlikdə Bakı, Sumqayıt, Gəncə, Xaçmazda yerləşən kənd təsərrüfatı sahələri, o cümlədən parklar, bağlar və yaşıllıqlarda baxış keçiriblər. Fitosanitar monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti yerində təhlil edilib, bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə olunub. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müvafiq aqrokimyəvi və aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün sahə aqronomuna, həmçinin müvafiq qurumlara məlumat verilib. Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən pomidor istixanalarında da monitorinqlər keçirilib. İstixanadakı mövcud bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Həmçinin istixana rəhbərliyinə mütəmadi olaraq aqrokimyəvi və aqrotexniki tədbirlərin keçirilməsi, zərərverici ilə sirayətlənmə hallarının minimuma endirilməsi ilə bağlı tövsiyələr verilib. Qeyd edək ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik bitki sağlamlığının qorunması, eyni zamanda xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq, onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə son illər bir sıra ciddi işlər görülüb. Nəzarət tədbirləri çərçivəsində ölkəmizə başqa ölkələrdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, eləcə də respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün mütəmadi fitosanitar monitorinqlərin aparılması və laborator müayinələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. [gallery ids="47209,47210,47211,47212,47213,47214"]