Körpəlikdən bəri üz ifadələri ilə anlaşılan altı əsas duyğudan biri qəzəbdir. Məntiqsiz davranışlara səbəb ola biləcək bu emosiya uşaqlara hansı hallarda təsir edir? Niyə bəzi uşaqlar daha çox əsəbiləşirlər?
Mövzu ilə bağlı psixoloq Şehitnur Zülfikarın araşdırmasını təqdim edirik.
Altı əsas duyğu - xoşbəxtlik, kədər, qorxu, təəccüb, ikrah və qəzəb. Digər duyğulardan fərqli olaraq qəzəbi səs-küylə ifadə etmək daha çox enerjiyə səbəb olur. Bəzi uşaqlar öz temperamentinə uyğun bu duyğunu daha aqressiv sözlərlə ifadə edərək yaşayırlar, bəzi uşaqlar isə susaraq qəzəblərini ifadə etmədən yaşaya bilirlər. Ancaq hər bir uşaq təbii olaraq qəzəbi hiss edir. Bu vəziyyət bəzən valideynlərin nəzarətini çətinləşdirir.
Uşaqlar başa düşüldüyünü hiss etdikdə, yaşadıqları aqressiv emosiyaları yüngülləşir. Valideynlər anlayışı, qəbulu və yaxınlığı ilə övladlarının inciklik hisslərinə sevgiylə ilk yardımı göstərmiş olurlar.
Qəzəbin səbəbləri: Hansı uşaqlar daha tez əsəbiləşirlər?
Psixoloq Şehitnur Zülfikar bildirib ki, qəzəb böyüklərdə olduğu kimi uşaqlarda da çətin bir duyğuya çevrilə bilər. Onu idarə etmək üçün, ilk növbədə, qəzəbin altında yatan səbəbləri araşdırmaq lazımdır. Həmin səbəblər iki halda görünə bilər:
- Onların ehtiyacları ödənilməyəndə və istəkləri təmin olunmayanda.
- Qəzəbin arxasında (ac və yorğun olmaq) asanlıqla aradan qaldırıla bilən əsas fiziki ehtiyac ola bilər və bəzən də bunun daha dərin səbəbləri vardır. Burada uşağın məhrum olduğu hər hansı emosional ehtiyacının olub-olmadığını anlamaq lazımdır. Uşağın sevgiyə, şəfqətə, diqqətə, anlaşılmağa, qəbullanmağa ehtiyacı vardır. Onlar görmək, təqdir edilmək, ünsiyyət qurmaq, qayğı göstərilmək kimi əhəmiyyətli emosional ehtiyacların qarşılanmasını gözləyirlər.
Anlaşılmaq və nəzərə alınmaq böyüklərdə olduğu kimi uşaqlarda da çatışmayan emosional ehtiyaclardır. Ciddiyə alınmayan duyğular uşaqlarda qəzəbi daha aydın surətdə göstərir. Qəzəb problemləri fiziki qüsurlu uşaqlarda daha çoxdur. Bəzən onların duyğuları anlaşılmadığından qəzəbləri ona mənfi təsir göstərə bilir.
Sağlam qərarlar vermək, duyğuları və bədəni idarə etmək, özünüdərk, tərbiyəli olmaq kimi davranış və bacarıqlar uşaqlıqda hələ formalaşmamış beyindən asılıdır.
Diqqət edilməli məqam qəzəb deyil, aqressiv rəftarlar olmalıdır.
Hər bir uşaq təbiətcə qəzəbi hiss edir. Uşağın özünə, ətrafına və ya başqasına zərər verməyə başladığı hallarda valideynlər tədbir görməlidir. Uşaq qəzəbinə görə riskli və təhlükəli ola biləcək pis davranışlara əl atdıqda bu halın qarşısı alınmalıdır. Çünki nəticədə həmin davranışlar onun üçün faydasız və sağlamlığına ziyan vuracaq qədər amansız olur. Burada diqqət edilməli məqam qəzəb deyil, aqressiv rəftarlar olmalıdır. Emosiya bədən vasitəsilə özünü göstərir. Uşaqların bədənlərindəki qəzəb əlamətlərini anlamamaları, emosional olaraq hiss etdiklərini dərk edə bilməmələri və hisslərini sözlə ifadə edə bilməmələri onların aqressiv davranışlar sərgiləməsinə səbəb ola bilir. Anormal sayılan bu aqressiv davranışlardır, qəzəb deyil. Uşaqların özlərini sağlam şəkildə başa düşmələri və ifadə etmələri üçün onları düzgün yönəltmək lazımdır.
Tantrum (özündən çıxma halları) nədən qaynaqlanır?
İndiyə qədər uşaqlarda qəzəb yarada biləcək şeylər haqqında ümumi məlumatlar verdik. Tantrumun yaş və beyin arasındakı əlaqəsinə nəzər salaq. Aşağı beyin - beynin əsas strukturunu təşkil edir, doğulduğumuz andan etibarən inkişaf edir. Üst beyin - beynin mürəkkəb hissəsidir və biz tam yetkinləşənə qədər daha sağlam qərarlar qəbul etməyə imkan verir. Bu, beynin ən yavaş inkişaf edən hissələrindən biridir. Sağlam qərarlar qəbul etmək, emosiyaları və bədəni idarə etmək bunun tərkib hissəsidir. Özünüdərk, anlamaq, doğru hərəkət etmək kimi davranış və bacarıqlar uşaqdan asılıdır. Ona şəfqətlə yanaşmaq beynini işə salıb sakitləşməsinə şərait yaradar. Tantrum, nəticədə belə desək, aşağı beyindən və ya yuxarı beyindən qaynaqlanan bir məfhum sayıla bilər.
Qəzəbi idarə etməkdə doğru yol nədir?
Qəzəb adətən uzun sürməsə də, bir anlıq sonsuzluq kimi hiss oluna bilər, buna görə də xoşagəlməz bir duyğu ortaya çıxar. Bu hissi gizlətmək, ona məhəl qoymamaq və ya yaranmasının qarşısını almağa çalışmaq kömək etmir. Yaşından asılı olmayaraq, insan hiss etdiyi duyğuları seçə bilməz, ancaq davranışını seçə bilər. Uşaqlar kiçik yaşlarından etibarən doğru şəkildə yönləndirilərsə, davranışlarına nəzarət etməyi öyrənə biləcəklər.
Uşağın nə hiss keçirdiyini bilməsi, nə üçün hiss etdiyini bilməkdən daha vacibdir:
Uşaq öz duyğusunun nə olduğunu dəqiq bilirsə, daha az zehni qarışıqlıq yaşayacaq. Bunun üçün valideynlər uşağın emosiyalarına “güzgü tutmalı”, yəni, onun necə hiss keçirdiyini əks etdirməlidir. Bu yolla uşaq öz emosional hallarını anlamağa başlayır və onları başa düşdükcə sakitləşir.
Ən yaxşı yanaşma emosiyalarından əl çəkməklə davranışı məhdudlaşdırmaqdır:
Bu yanaşmada bir məsələ çox vacibdir. Söhbətə uşağın hisslərinə toxunmayacaq şəkildə başlanılmalıdır: “Mən bilirəm, başa düşürəm, görürəm ki, indi qəzəblisən. Amma sərgilədiyin bu davranış sağlam, düzgün, uyğun bir hərəkət deyil. Söhbəti “İstəsən sakitləşmək üçün əl-üzünü yuya və ya su içə bilərsən” kimi alternativ təkliflərlə yekunlaşdırmaq doğru olar.
Uşaq təhlükə və risk ehtiva edən davranış nümayiş etdirirsə:
Məsələn, uşaq öz bacısına və ya qardaşına daş atırsa, valideyn “bacına, qardaşına deyil, əlindən at” deyərək təhlükəli davranışı dayandırmalı, sonra onun duyğularına diqqət yetirməli və uşağa bu hərəkəti etməməsinin, hisslərini başqa cür anlatmağı, bunun zərərsiz yollarını göstərməlidir. Həmin həssas məqamda uşaq anlayış göstərəcək və zamanla bu yanaşmanı mənimsəyəcək.
AZƏRTAC