Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki və bitkiçilik məhsullarının idxalçıları ilə videokonfrans formatında görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, əkin-səpin materialları və digər qruplara aid qeyri-qida mənşəli bitkiçilik məhsullarının idxalçılarının iştirak etdiyi görüşdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunda yeni yaradılmış “Əkin-səpin materiallarına və digər qruplara aid fitosanitar məhsullara idxal karantin icazəsinin verilməsi üçün elektron müraciətin edilməsi Qaydası” ilə bağlı məlumat verilib. Müraciət növünün elektronlaşdırılmasının həmin sahədə bir sıra çətinliklərin aradan qaldırılması, müraciətlərin icrasında tam şəffaflığın və izlənmə mexanizminin formalaşdırılması, Agentlik tərəfindən idxala icazə sənədlərinin verilməsilə əlaqədar vaxt itkisinin qarşısının alınması, gömrük orqanları ilə məlumat mübadiləsinin daha operativ və vaxtında həyata keçirilməsi baxımından zəruriliyi və əhəmiyyəti vurğulanıb. Sonda cari ilin 16 may tarixindən etibarən sözügedən sahədə müraciətlərin elektron qaydada qəbul olunacağı, hər hansı çətinliklə rastlaşdıqda isə müraciət üçün müvafiq metodiki köməkliyin göstəriləcəyi bildirilib.