Bütün gecəni yatan insan buna baxmayaraq gün ərzində daim yatmaq istəyirsə, yuxulu, süst olursa, bunun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəlik və pozulmalara işarə edir. Foodinfo.az Saglamolun.az-a istinadla sizi günorta yuxululuğunun səbəbləri ilə tanış edir. 1. Qanazlığı Yuxululuq, süstlük və zəiflik qanazlığına işarə edə bilər. Bu pozulma daha çox qadınlarda inkişaf edir. Qanazlığının səbəbindən asılı olaraq (dəmir defisiti, B12 vitaminin defisiti və s.) xəstəyə xüsusi pəhriz və müalicə təyin oluna bilər. 2. D vitamininin çatışmazlığı D vitamininin defisiti orqanizmdə xroniki yorğunluğa, yuxu və diqqətin pozulmasına səbəb olur. D vitamininin defisiti xüsusi qan analizinin köməyi ilə aşkar olunur. Defisit təsdiq olunarsa xəstəyə D vitamini təyin olunacaq. 3. Yuxu apnoesi Yuxuda xoruldayan insanlar adətən pis yatır, tez-tez oyanır və bu da günorta vaxtı yuxululuğa səbəb olur. Apnoe əslində çox ciddi pozulmadır və apnoedən əziyyətə çəkən insanlarda insult və ani ölümün riski xoruldamayan insanlarla müqayisədə daha yüksək olur. Apnoedən xilas olunmaq üçün mütəxəssislər böyür üstə yatmağı, siqaretdən imtina etməyi, artıq çəki varsa arıqlamağı, yatmazdan qabaq sakitləşdirici və yuxu dərmanları mümkün qədər qəbul etməməyi, spirtli içkiləri içməməyi tövsiyə edirlər. 4. Aşağı təzyiq Təzyiqin düşməsi də yuxululuq və zəiflik kimi simptomlara səbəb olur. Aşağı təzyiqin səbəbləri arasında bunlardır: ürək xəstəlikləri, ürək qüsurları, qanazlığı, qalxanvari vəzi xəstəlikləri, uzunmüddətli streslər, qanaxmalar və s. Lakin bir çox hallarda hipotoniyadan əziyyət çəkən insanda heç bir buna səbəb ola bilən xəstəlik aşkar olunmur. Belə hallarda həkimlər düzgün qidalanmağı, sağlam həyat tərzi sürməyi, yorulmamağı, stresli vəziyyətlərdən uzaq olmağı tövsiyə edirlər. 5. Depressiya Depressiyanın əsas simptomlarından biri daimi səbəbsiz yorğunluqdur. İnsan heç bir işlə məşğul ola bilmir, bütün günü yatmaq istəyir. 6. Hormonal dəyişikliklər və pozulmalar Qadınların orqanizmində menstrual dövrlə bağlı olan hormonal dəyişikliklər onların ümumi vəziyyətinə də təsir edir. Belə ki, menstruasiyadan 1-2 gün əvvəl və 5-6 gün sonra qadınlar yuxululuq hiss edə bilərlər. Digər hormonlarla bağlı olan səbəb – qalxanvari vəzinin funksiyasının zəifləməsidir. Bu hal “hipotireoz” adlanır. Hipoterioz zamanı maddələr mübadiləsi ləngiyir və bu da yuxululuq və reaksiyaların ləngiməsinə səbəb olur.