
Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) qaynaqların düzgün istifadə edilmədiyi təqdirdə dünyada böyük bir su çatışmazlığı başlayacağı barədə xəbərdarlıq edib.
Foodinfo.az Sputnik.az-a istinadla xəbər verir ki, təşkilatın araşdırmasına görə, dünya əhalisinin böyük bir hissəsi iqlim dəyişikliyi səbəbi ilə gələcəkdə sel, susuzluq və ya keyfiyyətsiz su problemi ilə qarşılaşacaq.
Təşkilatın açıqlamasına görə, 2050-ci ildə dünya əhalisinin yarısından çoxu "çox yüksək su riski" olan bölgələrdə yaşamaq məcburiyyətində qalacaq.
WWF mütəxəssislərinin fikrincə, hazırda dünya əhalisinin 17 faizi keyfiyyətsiz su problemi ilə qarşı-qarşıyadır.
Məlumata görə, gələcəkdə Pekin, İstanbul və Rio-de-Janeyro, eləcə də Cənubi Asiya, Orta Şərq, Cənubi Amerika və Afrika kimi ölkələr su problemi ilə qarşılaşacaq.