İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. Foodinfo.az Report-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib. Açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.