Apteklərdən alınan dərmanlarla çox ehtiyatlı olmaq lazımdır, xüsusən də sosial şəbəkələrdə müxtəlif dərman preparatlarının adı çəkilir. Unutmaq lazım deyil ki, dərman preparatlarının xeyri olduğu kimi ziyanı da var.
Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva açıqlayıb.
Koronavirusa qarşı apteklərdən alınaraq ev şəraitində qəbul edilən dərmanlar barədə danışan mütəxəssis deyib ki, ev şəraitində hər dərman preparatından istifadə etmək olmaz: “Hansı dərman preparatlarından evdən istifadə oluna biləcəyi barədə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən dəfələrlə məlumat verilib. Bunlar əsasən vitamin və qızdırmasalıcı dərman preparatlarıdır. Virus əleyhinə evdə istifadə oluna bilən bir-iki preparat var, yerdə qalan dərman preparatları heç bir halda istifadə olunmamalıdır. Ona görə də həmin dərman preparatlarını axtarmağa, almağa, evdə saxlamağa dəyməz və düzgün deyil. Tibbi göstəriş olanda həmin dərmanlar xəstəxana şəraitində verilir, çünki onların bir qədər də əks-təsirləri var. Həmin dərmanları qəbul edərkən xəstənin ayrı-ayrı orqanlarının göstəriciləri yoxlanılmalı və nəzarətdə saxlanılmalıdır. Onları nəzarətsiz istifadə etmək düzgün deyil.
Şöbə müdirinin dediyinə görə, Azərbaycanda bu gün test nəticəsi pozitiv olan yüngül simptomlu və assimptomatik xəstələrin evdə müalicəsinə icazə verilir. Lakin onlar mütləq yaşayış yeri üzrə poliklinika həkimlərinin nəzarəti altında olmalı və müşahidə edilməlidirlər.
- Qarayeva onu da deyib ki, maskadan istifadə edənlərin sayı artıb. Lakin təəssüf ki, ondan düzgün istifadə edilmir: “Çox vaxtlar taxılan maskanı burundan aşağıda saxlayırlar.Əlbəttə, başa düşmək olar. Hava istidir, nəfəs almaq çətindir, amma maska burundan aşağı saxlanılırsa, onda onu taxmağın heç bir xeyri yoxdur. Bu, guya maska taxıldığı barədə sadəcə bir görüntü xarakteri daşıyır. Yaxud maskanı çənəyə endirmək və ona tez-tez əl vurmaq da əslində problem yaradan haldır, çünki ona tez-tez əl vuranda və toxunanda çöl hissədə virus varsa, ona toxunur və əlimizlə onu yayırıq".