Xəbər verdiyimiz kimi ötən gün Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Təbriz, Meşkinşəhr, Ərdəbil, Zəncan və Tehranda “Qarabağa və Azərbaycan Ordusuna dəstək" adı altında mitinq keçirilib.
Foodinfo.az Musavat.com-a istinadən bildirir ki, mitinq iştirakçıları "Ya Qarabağ, ya ölüm!", "Erməniyə himayət, cinayətdir, cinayət!", "Babəkin balasıyıq, biz ölməyə hazırıq!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Azərbaycan milləti çəkəmməz bu zilləti!", ”Yaşasın Azərbaycan”, “Azərbaycan oyaqdır, Qarabağa dayaqdır!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarlarını səsləndirib, Qarabağ döyüşlərində iştirak etməyə hazır olduqlarını bildiriblər.
Azərbaycanın mənəvi paytaxtı Təbrizdə mitinq iştirakçıları işğalçı ölkənin bayrağını yandırıb.
Tehranda keçirilən mitinqdə isə Azərbaycan bayrağı qaldırılıb.
Yayılan videolardan aydın görünür ki, İran təhlükəsizlik qüvvələri mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllədən istifadə edib. Nəticədə bir neçə soydaşımız yaralanıb. Mitinqə çıxanların arasında İranın təhlükəsizlik qüvvələri və polisi tərəfindən saxlanılanlar da var.
Saxlanılan soydaşlarımızın bəzilərinin adları məlum olub.
Ərdəbildə - Əli Xeyrcu, Əhməd Məhəmməd Pur, Yaşar Muradi, Əli Məali, Yunus Muradi, Meysəm Colani, Möhsün İsmail, Mərziyə Cavanşir, Seccad Colani, Pərviz Siyabi, Muctaba Pərvin, Əsgər Əkbərzadə, Bəhmən Xeyrcu, Həmid Heydari, Hüseyn Balaxani.
Urmiyada – Salar Tahir Əfşar, Əbülfəz Əsgərzadə, Cavad Rizayi, Səhənd Behnemun və adları hələ bilinməyən daha 6 nəfər saxlanılıb.
Təbrizdə - Mehdi Dustdar və hələ adları məlum olmayan 40 nəfər yaxın soydaşımızın saxlanıldığı bildirilir.
Zəncanda – Məcid Kərimi, Əkbər Qarabaği və adları hələ məlum olmayan daha 6 nəfərin saxlanması xəbəri var.
Meşkinşəhrdə - Vahid Xavəndi, Siyamək Seyfi, Kazım Səfa Bəxş, Mehdi Əbdullahi, Şəhruz Himmət oğlu, Qüdrət Manafzadəgan.
Kərəcdə - Zəhra Aslani saxlanılıb.