Gürcüstanda “Ferrero” şirkətinin “Kinder” markalı müxtəlif şokolad növlərinin konkret partiyalarının aşkarlanması və satışdan çıxarılması proseduruna başlanılıb. Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyindən bildirilib. Qurum idxalçı şirkətləri şübhəli partiyalar barədə məlumatlandırıb, şirniyyat məhsullarının satışdan yığışdırılması ilə bağlı çağırış edib. Agentliyin inspektorları qeyd olunan biznes operatorlarla bağlı plandan kənar yoxlamalar və nəzarət həyata keçirəcək. Qeyd edək ki, Avropanın bir sıra ölkələrində 10 yaşadək uşaqlarda, çox güman ki, “Kinder” şokoladlarından salmonellaya yoluxma halları qeydə alınıb. Bununla bağlı olaraq müxtəlif ölkələrin bazarlarında bu şirniyyatların satışı qadağan olunub və istehlakçılar məlumatlandırılıb. Ötən gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi də kinder yumurtalarının satışdan yığışdırılması ilə bağlı sahibkarlara müraciət edib.