“Çox adam elə fikirləşir ki, koronavirusa görə ölkəmizin qida sektorunda azalmalar olacaq, nələrsə çatmayacaq. Ancaq belə hallar baş verməyəcək”. Foodinfo.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə edilmir: “Ötən təsərrüfat ilində çox yaxşı məhsul artımımız oldu, bu təsərrüfat ilində də vəziyyət eyni qaydada olacaq. Pandemiyanın yayılmasından əvvəl də təsərrüfat işləri həyata keçirilib, fermerlərin maddi-texniki bazaya əlçatanlığı təmin edilib və hazırda fermerlərimiz çox yüksək əhval-ruhiyyə ilə istehsal prosesini həyata keçirirlər. Tam əminliklə deyirəm ki, məhsul qıtlığı olmayacaq. Hətta məhsul artıqlığı var, çünki bir sıra məhsullar başqa ölkələrə ixrac olunurdu. Amma başqa ölkələrdə də bizim ölkəmizdə olduğu kimi istehlak azalıb. Restoran, şadlıq evləri və digər iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırıldığından, kütləvi tədbirlər təxirə salındığından istehlakda müəyyən azalma var. Amma məhsulumuz boldur. Bu il də bizim istehlakçılarımız yüksək keyfiyyətli məhsulla təmin olunacaqlar”.