Kənd Təsərrüfatı naziri İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası əsasında pambıq əkini sahəsinə baxış keçirib. Bu barədə Foodinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, 18 hektar sahədə əkinin aparılması üçün torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılıb. Ötən il olduğu kimi bu il də Çin texnologiyası əsasında becərilən pambıq sahələrində yüksək məhsuldarlıq gözlənilir. Daha sonra nazir İnam Kərimov Bərdə rayonunda baramaqurutma məntəqəsində tikinti işlərinin gedişi ilə tanış olub, Yeni Daşkənd kəndi ərazisində pambıq və taxıl sahələrinə baxış keçirib, soğan yığımı prosesini izləyib, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb: “Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün ölkənin aparıcı aqrar rayonlarından biri olan Bərdə rayonundayıq. Ötən il bərdəli fermerlər soğan ixracatından çoxlu gəlir əldə ediblər. Bu, bölgədə soğan əkininə, xüsusilə faraş soğan əkininə marağı artırıb. Bu il soğan sahələrində məhsul boldur. Artıq bir müddətdir ki, Bərdə, Beyləqan və Ağdamda may soğanının yığımına başlanıb. Fermerlər məhsulu həm daxili bazara çıxarır, həm də xarici ölkələrə ixrac edirlər”. Daha sonra nazir İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Zona Təcrübə Stansiyasının inzibati binasında yenidənqurma işləri ilə tanış olub, Tərtər rayonu sort sınaq məntəqəsində yeni üsulla pambıq əkini sahəsinə, İrəvanlı kəndində intensiv meyvə bağı, istixana və meyvə çeşidləmə məntəqəsinə baxış keçirib.