Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.
Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.
Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.
Foodinfo.az Modern.az-a istinadən xəbər verir ki, dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
Dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir:
"Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik".
Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur:
"Çünki uşaqların dərilərinin quruculuq funksiyası daha zəifdir. Quruculuğu zəif olduğu üçün onun sağalması da gec olur. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük".
Tərkibindəki qatqı maddələrinə görə uşaqları nəm salfetlərlə silməyi qətiyyən məsləhət görməyən pediatr Günay Rəsulova bildirir ki, salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar:
"Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Bilirsiniz ki, nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə etmirik. Bunun əvəzinə yaxşı olar ki, onları su ilə yusunlar və yaxşı-yaxşı qurulasınlar. Bundan başqa, pambığı adi su ilə isladıb onunla da lazım olan yerləri silmək olar. Bu halda uşağın dərisində heç bir səpki, qızartı müşahidə edilməyəcək".
Son xəbərlər
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?