Hazırda Azərbaycanda kişi və qadınların, gənclərin ən çox əziyyət çəkdiyi psixoloji, nevroloji xəstəlik nevrozdur.
Nevroz çoxlarının bildiyi kimi gecə yata bilməmək, evdə və işdə hər kəsə qəzəblənmək, qışqırmaqdan ibarət deyil. Bu diaqnoz olduqca çoxşaxəlidir. Və bəzən xəstə nevrozun necə olduğunu bilmir.
Foodinfo.az Medicina.az-a istinadən nevrozu elmi terminlərdən uzaq, olduğu kimi, daha bəsit izah etməyə çalışacaq.
İndi alimlər nevrozu iri meqopolis, yəni paytaxt, şəhərlərdə yaşayanların xəstəliyi kimi dəyərləndirir. Lakin ucqar kənddə yaşayan bir qadın da nevroz ola bilər. Bunun səbəbi odur ki, nevroz ətrafda baş verən, yaşanan hadisə və ya həmin insanın yanında olan digər insanla daxili konfliktdən, uyğunsuzluqdan əmələ gəlir.
Nevroz – insanın istənilən stres halına kəskin emosional reaksiya verməsidir. Bu reaksiyalar tez-tez baş verdikcə, sinir sistemi axarından, relsindən çıxır.
Stres mənbəyinin ölçüsü yoxdur: kimsə ən xırda bir şeyə əsəbləşə bilər, digər adam hətta müharibə ortasında olsa da sakitliyini saxlaya bilir.
Nevrozun əsası uşaqlıqda qoyulur. Bəzi mentalitet, ailədaxili qanunlar, uşağa verilən tərbiyənin özü də nevroza səbəb ola bilər.
Nevroza səbəb olan amillər aylarla, illərlə toplanır, üst-üstə gəlir, sinir sistemini daha çox, daha dərindən tükədir.
Ona görə 15 il əvvəl yaşanan və 1-2 il çəkən stress vəziyyəti illər sonra nevroz kimi üzə çıxır.
Bu forma xroniki nevrasteniya forması adlanır.
Hər hansı travma, psixoloji zərbə, uğursuzluq, hisslərini deyə bilməmək, susmaq, dözmək, depressiya – bir müddət sonra unudulsa da, bədən və beyin onu unutmur. Şifrələyib bir küncə atır və hər dəfə stress baş verəndə keçmiş yükün üzərinə toplanır.
Nevroz olan insanın ən böyük səhvi odur ki, onun həyatında baş verən neqativ vəziyyətin ağırlıq dərəcəsini vaxtında düzgün qiymətləndirmir, onun gələcək təhlükəsini görmür, bu da keçər deyə düşünüb, üstünü basdırır.
Daha sonra bu üstü basdırılmış hisslər ailədə, işdə kiçik bir qığılcımdan alovlanır və insan özündən çıxır.
Bununla da nevrozun yüz bir rəng çaları, simptomları başlayır.
Nevroz nələrə səbəb olur:
- Panik ataklara
- Daim narahatlıq hissi
- Oblussiv pozulmalar
- Təkrarlanan vərdişlər
- Xroniki yorğunluq
- Depressiya
- Müxtəlif fiziki narahatlıq, ağrılar, spazmlar
- Qorxular
Nevroz anadangəlmə də oal bilər. Sonradan o illərlə proqressivləşir. Burada hamiləlik dönəmində ananın nevrozun pik həddində olması rol oynayır. Eləcə də arzulanmayan hamiləlik, aborta cəhd, uyğun vaxtda doğulmayan uşaqlar anadangəlmə nevroz olur.
Nevrozun müalicəsi bir günün, bir ayın işi deyil. O illərlə kök saldığı üçün, müalicə də uzun çəkir. Amma ən qısa yol o kökü tapmaqdır. Bunu isə güclü psixoterapevt bacara bilər.
Ona görə nevrozun dərman müalicəsi ilə yanaşı psixoterapevtik seanslarla da müalicəsi vacibdir.