Azərbaycanda yaradılacaq yeni nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiymət siyasəti məsələsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müdaxilə etməyəcək.
Foodinfo.az-ın xəbərinə görə,bunu AQTA -dan bildiriblər.
Agentlikdən əlavə edilib ki, dönərlərin satış qiymətinin müəyyən edilməsi sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihənin həmicraçıları tərəfindən sahibkarlar üçün biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək.
Baxış keçirilmiş dönərxana obyektlərinin müəyyən bir qismində qida təhlükəsizliyi, avadanlıqların təchizatı, obyektlərdə təmir və yenidənqurma işlərinin aparılması, eyni zamanda seçilmiş hər bir sahibkara və işçi heyətinə təlimlərin keçirilməsi baxımından dəstəyin göstərilməsi məqsədəmüvafiq hesab olunur.
Xatırladaq ki, AQTA dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və ABAD-la birlikdə dönərxanaların sağlamlaşdırılması layihəsinə start verib.
Layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə dönər biznesi ilə məşğul olan 20 nümunəvi müəssisənin yaradılması nəzərdə tutulur.