1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Foodinfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, həmin gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər il 3 milyon nəfər alkoqoldan və hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir. Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Həmin gün beynəlxalq psixiatriya təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stres vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də bu amillərdəndir. Hesablamalara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada əlilliyə səbəbi olan ən başlıca xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800 min insan intihar edir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir. Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Altsheymer xəstəliklərinin qarşısını almaqdır. Müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır.