İlk dəfə Cənubi Afrika ölkələrində aşkar edilən koronavirusun “Omikron” ştamı ölkəmizdə də yayılmaqdadır. O digər ştamlara nisbətən daha sürətlə yayılır ki, mütəxəssislər bunun səbəbini daha yoluxdurucu olması ilə əlaqələndiriblər.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov “Omikron” ştamının xüsusiyyətləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Kafedra müdirinin bildirdiyinə görə, “Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül geçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır:
“Əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər “Omikron” ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər. Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur”.
Buna baxmayaraq, dosent R.Bayramov heç kimə arxayınlaşmamağı, qaydalara əməl etməyi məsləhət görüb. Bildirib ki, əgər qaydalara əməl edilməsə, bu ştam zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər.
Tənəffüs infeksiyalarına, o cümlədən koronavirus infeksiyasına yoluxmaqdan qorunmağın elə də asan olmadığını bildirən R.Bayramov, heç kimin bundan sığortalanmadığını deyib:
“Ona görə də xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir. Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var”.
Həkim “Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əlamətlərdən də söhbət açıb:
“Bu zaman xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. Onu da qeyd edim ki, “Omikron” ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır. Amma ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o çümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər