Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə aprelin 7-də payızlıq əkinlərə görə 6 424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödəyib. Bu barədə Foodinfo.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bu gün ödənilən subsidiyalar 59 min 709 hektar əkin sahəsini əhatə edir. Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151,7 milyon manatdan çoxdur. Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 %-ini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 %-ini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər. Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini və sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. Subsidiyaların ödənişi davam edəcək.