Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Kür çayı və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb. Foodinfo.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Simran İbrahimov, Mingəçevir şəhər sakini Xanəli Əhmədov, Yevlax rayon sakini Ağakərim Müslümov və Ağstafa rayon sakini Azər Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır. B.Məhəmmədov onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 2750 metr uzunluğunda sintetik tor yığışdırılıb. Xidmət rəsmisi balıq ovu ilə məşğul  olan fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından çəkinməyə və qaydalara əməl etməyə çağırıb.