Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz  təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz  13-17 dərəcə  isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 23-24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.