Salyanda marketə bıçaqla basqın olub, xəsarət alan var. Foodinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2 000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib. Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.