Kişmiş istehsalı zavodu tikiləcək
Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının artırılmasıdır. Bu istiqamətdə əsas sahələrdən biri də aqrar sektordur. Aqrar sektorun inkişaf etdirilməsi ölkədə ərzaq bolluğunun yaradılmasında, daxili təlabatın ödənilməsində, daimi iş yerlərinin açılmasında və ixrac gücünün artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, “Az-Granata” MMC tərəfindən 2009-cu ildə Şamaxı rayonunda 25 hektar ərazidə üzüm bağları salınıb və hazırda 375 hektar ərazini əhatə edir.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə “Report”a üzüm bağının baş aqronomu Metin Altın bildirib ki, onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağlarıdır: “Dünyanın 17 ölkəsində üzümçülük sahəsi üzrə çalışmışam. Lakin Şamaxıda olan əlverişli mühit, iqlim şəraiti heç bir ölkədə yoxdur. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Hətta üzümçülük bağlarında ziyanverici həşəratlara qarşı Rusiya və digər ölkələrdən gətirilən dərmanları biz geri qaytardıq. Bu gün dünyada üzümçülük təsərrüfatlarında ziyanverici həşəratlara qarşı çoxlu dərman vasitələri istifadə olunur. Şamaxının üstünlüyü isə budur ki, burada ziyanverici həşəratlar çox azdır. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir”.
Üzüm bağının baş aqronomu Metin Altın
M.Altın əlavə edib ki, üzüm bağları yalnız içkilərin hazırlanması üçün deyil: “Bir çox hallarda üzümçülüyün inkişafını yalnız şərab istehsalının artırılması üçün nəzərdə tutulduğu kimi başa düşülür. Lakin bu heç də belə deyil. Burada süfrə üzümləri də becərilir. Bundan başqa, Azərbaycanda süfrələrin bəzəyi olan nemətlərdən biri də kişmişdir. Biz daxili bazarı araşdırarakən Azərbaycana kişmişin xarici ölkələrdən gətirildiyini və bir kilosunun qiymətinin 8-15 manat arasında dəyişdiyini gördük. Lakin Azərbaycanda kişmiş üzümünün yetişdirilməsi və istehsalı üçün münbit şərait var. Bu gün Azərbaycanda kişmiş istehsal edən müəssisə yoxdur. “Az-Granata”nın gələcək planlarından biri də ölkə ərazisində kişmiş istehsal etməkdir. Kişmiş üzümü, əsasən, “Sultan” sortundan hazırlanır. Ona görə də bu sortu artırmaq və sahələrini genişləndirmək üzərində iş aparırıq. Azərbaycanda spirtli içkilərin istehlakında araq birinci yeri tutur. Bu göstərici Rusiya və bir çox MDB ölkələrində eynidir. Araq elə bir içkidir ki, bir çox meyvələrdən, hətta çorəkdən almaq mümkündür. Lakin çaxır yalnız üzümdən hazırlanır. Yerli üzümlərdən alınan çaxırların keyfiyyəti də yüksək olur. Yalnız üzümdən hazırlanan içkilərdən biri də rakıdır. Rakının istehlakı Azərbaycanda çox aşağıdır. “Az-Granata” MMC Azərbaycanda ilk dəfə rakı istehsalına başladı və gözləmədiyimiz dərəcədə istehlak olunmağa başladı. Əsas məhsulun keyfiyyətidir. Məhsul nə qədər keyfiyyətli olarsa, bir o qədər istehlak gücü artar”. Baş aqronom qeyd edib ki, Şamaxı rayonunda “Üzümçülük vadisi” salınmağa başlanılıb: “Burada məqsədlərimizdən biri də yerli və əcnəbi turistləri cəlb etmək üçün xüsusi üzüm bağlarının salınmasıdır. “Üzümçülük vadisi” adlandırılacaq bu ərazidə üzümün bütün sortlarından nümunə kimi əkiləcək. Burada üzümün bir çox, xüsusən də yerli “Mədrəsə” sortu nümayiş etdiriləcək. Bu da Şamaxı üzümünün əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlərdən biri olacaq. Biz qısa müddət ərzində 5 000 hektar ərazidə üzüm bağının salınmasını planlaşdırmışıq”.Zavodun direktor müavini, texniki elmlər doktoru, professor Vüqar Mikayılov
Üzüm bağlarından yığılan məhsul emal olunmaq üçün "Az-Granata" MMC şirə və şərab emalı zavoduna gətirilir. Zavodun direktor müavini, texniki elmlər doktoru, professor Vüqar Mikayılov "Report"a bildirib ki, zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanır: "Az-Granata" MMC Azərbaycanda yeni yaradılan zavod olsa da bir çox yeniliklərə imza atıb. Azərbaycanda ilk dəfə sənaye üsulu ilə abqora istehsalı bizim müəssisədə olub. Əvvəllər abqora yalnız kustar üsullarla hazırlanıb. Bundan başqa, ilk dəfə olaraq Azərbaycanda viski istehsalına başlamışıq. Çünki əcnəbi turistlər daha çox yerli içkilərə önəm verirlər. Azərbaycana idxal edilən viskinin 30 faizini bizim zavod təmin edir. Bu da xaricə valyuta axınını qarşısını almaqda mühüm əhəmiyyət kəsb edir. Daha sonra zavod Azərbaycanda ilk dəfə türk rakısı istehsal etməyə başladı. Azərbaycanda sənaye üsuli ilə meyvə araqlarının istehsalını da ilk dəfə "Az-Granata" başlayıb. Azərbaycanda yeni texnologiya ilə milli içkilərimiz olan zoğal və tut araqlarını istehsal etdik. Biz dünyada ilk dəfə klassik sənaye üsulu ilə nar şanpanlarının istehsalına hazırlaşırıq. Dünyanın heç bir ölkəsində nar şanpanı istehsal olunmur”. V.Mikayılov qeyd edib ki, "Az-Granata"nın fəaliyyətə başlaması Azərbaycana şərab idxalını nəzərə çarpacaq dərəcədə aşağı salıb: "Azərbaycanda sənaye üsulu ilə şərab istehsalında əsaslı yeniliklər etdik. Araq Azərbaycana əsasən Finlandiya, Polşa, Ukrayna və Rusiyadan ixrac olunur. Bu araqların yumuşaqlıq dərəcəsini yüksəltmək üçün quru süddən istifadə olunur. Lakin "Az-Granata" MMC ilk dəfə olaraq bunu təbii keçi südü ilə əvəz etdi. Bundan başqa, biz ilk dəfə istehsal prosesində gümüş ionlarını arağın trkibinə qatdıq. Düzdür, xarici ölkələrdə araq filtirdən keçirilir, lakin gümüş ionları arağın tərkibinə qatılmır. Buna görə də istehsal etdiyimiz araqların keyfiyyəti xarici ölkələrdən ixrac edilən araqların keyfiyyətindən daha yüksək olur. Bu da xarixi ölkələrdən araq idxalnın həcmini demək olar ki, nəzərə çarpacaq dərəcədə aşağı salıb". https://youtu.be/RsN8Ww-2E0o