Stress zamanı insanların fərqli reaksiyalar göstərməsi çoxlarını təəccübləndirir: bəziləri iştahasını itirir, digərləri isə əksinə, daha çox yeməyə başlayır. Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, bu fərqin əsas səbəbi uşaqlıq dövründə formalaşan davranış modelləri ilə bağlıdır.

Mütəxəssis Ulyana Maxovanın sözlərinə görə, uşaqlıqda qida ilə emosiyalar arasında qurulan əlaqə sonrakı həyatımıza birbaşa təsir edir. Əgər uşağa tez-tez şirniyyatla təsəlli verilibsə – məsələn, “konfet ye, keçər” kimi yanaşma tətbiq olunubsa – onda qida beynində rahatlıq və mükafat kimi kodlaşır. Nəticədə insan böyüdükdə stress və narahatlıq zamanı eyni üsula – yeməklə özünü sakitləşdirməyə meylli olur.

Ekspert qeyd edir ki, bu yanaşma cəmiyyət və populyar mədəniyyət tərəfindən də gücləndirilir. Məsələn, “pis hiss edirsənsə, nəsə ye” kimi mesajlar insanların şüuraltında yeməyi emosional çıxış yolu kimi təqdim edir. Bu isə bəzi insanların stress zamanı daha çox qida qəbul etməsinə və nəticədə çəki artımına səbəb olur.

Digər tərəfdən, bəzi insanlarda stress iştahanın azalmasına gətirib çıxarır. Bu, orqanizmin fərqli reaksiya mexanizmi ilə bağlıdır və psixoloji gərginlik zamanı həzm sisteminin fəaliyyətinin zəifləməsi ilə izah olunur.

Mütəxəssislər vurğulayır ki, ən vacib məsələ fiziki aclıqla emosional aclığı ayırd etməyi öyrənməkdir. İnsanlar bunu edərkən özlərini günahlandırmamalı və keçmiş davranış modellərinə görə yaxınlarını ittiham etməməlidirlər. Düzgün yanaşma və şüurlu qidalanma vərdişləri formalaşdırmaqla stressin çəkiyə təsirini minimuma endirmək mümkündür.