Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələri davam etdirir. Növbəti monitorinq intensiv tipli meyvə bağlarında aparılıb. Monitorinqlərin keçirilməsində məqsəd meyvə bağlarında mövcud olan zərərli orqanizmləri aşkar etmək, eyni zamanda təsərrüfat sahiblərinə payız-qış tədbirlərinin əhəmiyyətini izah etmək olub. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində meyvə bağlarında şaftalı mənənəsi (Myzus persicae), tor gənəsi (Tetranychus urticae), armud ballıcası (Cacopsylla pyricola) və çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv. pruni) xəstəliyi aşkar edilıb və zərərli orqanizmlərin dəqiq növ tərkibinin təsdiqi üçün şaftalı, nektarin və armud ağaclarından nümunələr götürülərək AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasına göndərilib. Meyvə bağlarında aşkar edilmiş zərərli orqanizmlərin sirayətlənmə səbəbləri və mübarizə tədbirləri barədə təsərrüfat sahibləri məlumatlandırılıb. Monitoriqlər zamanı fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması, daşınması, o cümlədən tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə müvafiq tövsiyələr veriblər. Sonda AQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb və fitosanitar mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr verilib.