Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsinə start verilib. Foodinfo.az xəbər verir ki, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 20 nəfər işsiz, barista sahəsində çalışmaq istəyən, 35 yaşadək olan şəxslərə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim ediləcək. Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara və Məşğulluq haqqında qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək. Uyğun namizədlər ilk olaraq biznes və peşə təlimlərinə cəlb ediləcəklər. Təlimi uğurla başa vuran şəxslərə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim ediləcək. Daha sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi göstəriləcək. Qeyd edək ki, aktivlərlə təmin edilmiş şəxslər Bakı və Abşeron ərazisində fəaliyyət göstərməlidirllər.