Kiçik yaşlarından siqaret çəkən oğlanlar gələcək uşaqlarına zərərli epigenetik xüsusiyyətlər ötürə bilərlər. 

Foodinfo.az xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Sauthempton və Norveçin Bergen Universitetinin alimləri gəliblər. Onların araşdırmasının nəticələri "Clinical Epigenetics" jurnalında dərc olunub.

Alimlər təcrübə zamanı 7-50 yaş arası 875 insanın epigenetik profilini təhlil edərək atalarının siqaretə olan aludəliyini araşdırıblar. Nəticədə, valideynləri ilk dəfə 15 yaşından əvvəl siqaret çəkmiş insanların genlərində dəyişikliklər aşkarlanıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, genetik transformasiyalar astma, piylənmə və tənəffüs zamanı xırıltının yaranması ilə bağlıdır.

Tədqiqatçılardan biri olan Nequss Kitabın sözlərinə görə, erkən cinsi yetkinlik dövründə oğlan uşaqlarında reproduktiv funksiyalara və irsiyyətə cavabdeh olan kök hüceyrələr yaranır. Buna görə də, ataları yeniyetmə yaşlarında siqaret çəkməyə başlayan uşaqlarda epigenetik markerlərdəki dəyişikliklər, siqaret çəkməyənlərin və ya yetkinlik dövründə siqaretə aludə olanların övladlarına nisbətən daha qabarıqdır. 

Hazırda alimlər həyəcan təbili çalır və bir neçə onilliklər sonrakı nəsillərin sağlamlığında yaranacaq düzəlməz problemlər barədə xəbərdarlıq edirlər.