Pomidor dünyanın ən çox istehlak edilən tərəvəzlərindən biridir və yay mövsümündə süfrələrin əsas məhsullarından sayılır. Müxtəlif rəng və növlərdə satışa çıxarılan pomidorların faydalılığı barədə isə fərqli fikirlər mövcuddur. Bəzi insanlar qırmızı pomidorları üstün tutduğu halda, digərləri sarı və ya çəhrayı növlərin daha faydalı olduğunu düşünür.
Foodinfo.az Medical News Today saytına istinadla xəbər verir ki, qidalanma mütəxəssisləri ən yüksək antioksidant göstəricilərinə malik pomidorların əsasən tünd qırmızı rəngli növlər olduğunu bildirirlər. Bunun əsas səbəbi onların tərkibində likopin adlı güclü antioksidant maddənin daha çox olmasıdır.
Likopin orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edir. Araşdırmalar bu maddənin ürək-damar sağlamlığının qorunmasına və bəzi xroniki xəstəliklərin riskinin azalmasına müsbət təsir göstərə biləcəyini göstərir.
Məşhur amerikalı dietoloq Lisa Young bildirir ki, pomidorun rəngi nə qədər tünd olarsa, antioksidant potensialı da bir o qədər yüksək ola bilər. Onun sözlərinə görə, xüsusilə tam yetişmiş qırmızı pomidorlar qida dəyərinə görə seçilir.
Bununla belə, sarı və çəhrayı pomidorlar da öz üstünlüklərinə malikdir. Sarı pomidorlarda turşuluq səviyyəsi daha aşağı olduğundan həssas mədəyə malik insanlar üçün daha uyğun hesab edilir. Çəhrayı pomidorlar isə şirin dadı və yüksək C vitamini tərkibi ilə seçilir.
Mütəxəssislər qeyd edirlər ki, pomidorun faydası yalnız növündən deyil, yetişmə dərəcəsindən və saxlanma şəraitindən də asılıdır. Mövsümündə yetişdirilən təbii pomidorlar istixana məhsulları ilə müqayisədə daha zəngin qida tərkibinə malik olur.
Qidalanma üzrə ekspertlər pomidorun həm çiy, həm də bişmiş formada faydalı olduğunu bildirirlər. Maraqlıdır ki, istilik emalı zamanı likopinin mənimsənilməsi daha da artır. Bu səbəbdən pomidor sousları və bişmiş pomidor yeməkləri də sağlam qidalanmanın bir hissəsi hesab olunur.
Mütəxəssislərin fikrincə, rasionda müxtəlif növ pomidorlara yer vermək orqanizmin daha geniş spektrdə vitamin və antioksidant qəbul etməsinə kömək edir.






