Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Foodinfo.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib.
Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.
Heydər Əliyev Fondunun əməkdaşı Orxan Həbibov qeyd edib ki, mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər:
“Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər”.
Onun sözlərinə görə, festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir.
Əslən Şuşadan olan, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, o da bir qarabağlı olaraq festivalın keçirilməsinə sevinir:
“Prezidentimizə, Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm. Bütün sənətkarlar, rəssamlar - çox adam buradadır. Fürsətdən istifadə edib şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
O, yeməklərin bir-birindən gözəl, şirin və dadlı olduğunu qeyd edib: “Hesab edirəm ki, Azərbaycana qastronomik səfərlər edən insanlar düz edirlər”.
Türkiyəli aşpaz Yusuf Türkmen Şuşanı görməkdən çox şad olduğunu bildirib: “Bütün türk, Qafqaz, dünya ölkələrinin gəlib buranı görmələrini istərdim. Mən gəlib gördüyüm üçün çox şadam”.
Fransalı ekspert Cyril Rouquet Prevost mətbəximizin çox ləziz olduğunu qeyd edib: “Bu, Azərbaycana və Şuşaya ilk gəlişimdir. Buranı çox bəyəndim. Bir çox təamlarınızın dadına baxdım. Plovunuzu, paxlava və meyvəli mürəbbələrinizi çox bəyəndim”.
Qeyd edək ki, kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.
Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim edilir. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.
[gallery ids="47030,47031,47032,47033,47034,47035,47036,47037,47038,47039"]