İyunun 18-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrinin məsul şəxsləri ilə görüş keçirib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə,videokonfrans formatında keçirilən iclasda tibb müəssisələrində aparılan dövlət nəzarəti tədbirləri nəticəsində aşkarlanmış uyğunsuzluqlar, onların aradan qaldırılması və həlli yolları, qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə Agentliyin əməkdaşları tərəfindən “Tibb müəssisələrində xəstələrin qidalanmasının təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri”nin icrası ilə bağlı təqdimatlar nümayiş etdirilib və tibb işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.
Daha sonra tədbir iştirakçılarının sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, görüş iştirakçılarının böyük marağına səbəb olan və işin təşkili üçün son dərəcə faydalı hesab edilən tədbirin bundan sonra mütəmadi qaydada həyata keçirilməsi qərara alınıb.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər