Ümumdünya Səhiyyə Təşkilatı uşaq yeməkləri istehsalçılarını – şirkətləri aqressiv marketinq siyasəti aparmaqda, alıcılarla manipulyasiya etməkdə və insanları çaşdırmaqda ittiham edib.
Foodinfo.az-ın məlumatına görə, təşkilat hesab edir ki, şirkətlər rəqəmsal marketinqin köməyi ilə alıcıları çaşdırır və bu da uşaqların qeyri-sağlam qidalanması ilə nəticələnir.
Xatırladaq ki, dünyada uşaq qidalarının ən böyük istehsalçıları «Danone», «Nestlé», eləcə də Çinin «Feihe», «Mengniu», «Yili» şirkətləri və başqalarıdır.
Səhiyyə Təşkilatının və YUNİSEF-in dərc etdiyi hesabata əsasən, valideynlərin və hamilə qadınların yarıdan çoxu şirkətlərin dezinformasiya edici və qeyri-etik reklam kampaniyalarının qurbanı olur. Bu nəticələr «M&C Saatchi» şirkətinin bütün dünyada keçirdiyi və 8500 ailənin, 300 həkimin iştirak etdiyi sorğuda aşkar edilib.
Səhiyyə təşkilatının eksperti Naycel Rollinz bildirir ki, problem təkcə reklamın bol olmasında deyil, problem ondadır ki, uşaq qidası istehsal edən şirkətlər uşağı olan və ya uşaq gözləyən ailələrin emosiyalarından və qorxularından sui istifadə edərək onların həyatının ən mürəkkəb anlarında onları çaşdırır və aldadırlar.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, körpələr ilk 6 aylarında yalnız ana südü ilə qidalanmalıdır. Yalnız 6 aydan sonra paralel qidalanma şərti ilə süni qidalara da keçmək olar, amma bu vəziyyət (yəni paralel olaraq həm ana südü, həm də süni qida ilə qidalanma) 2 yaşadək davam etməlidir. Ana südünün əvəzediciləri, məsələn, süd qarışıqlarından isə yalnız lazım və ya vacib olanda istifadə edilməlidir.
Amma Səhiyyə təşkilatı bildirir ki, yem istehsal edən şirkətlərin aqressiv reklamları anaların ana südü ilə qidalanma prosesinə münasibətini dəyişir. Halbuki, bu uşaqların qidalanması üçün ən yaxşı üsuldur.
Televiziya reklamları, pulsuz nümunələrin paylanması, əsaslandırılmayan, amma guya «elmi cəhətdən sübut olunmuş» məlumatların yazılması, sosial şəbəkələrdə saxta «influnser analar»ın reklamı beynəlxalq qaydalara ziddir və Ana Südünün Əvəz Edicilərinin Beynəlxalq Marketinq Kodeksi ilə qadağan edilib.
Qeyd edək ki, oxşar vəziyyət artıq bir dəfə 1981-ci ildə baş verib. Həmin vaxt da şirkətlərin aqressiv reklam kampaniyaları səbəbindən anaların uşaqları ana südü ilə qidalandırmasına maraq azalmışdı. Bu da cəmiyyəti hiddətləndirmiş və belə şirkətlərə, xüsusilə də İsveçrənin «Nestlé» şirkətinə qarşı boykot elan edilmişdi.
Son illər rəqəmsal imkanların və marketinq üsullarının artması da problemi dərinləşdirib. Araşdırmaya əsasən, uşaq yemi istehsal edən şirkətlər elə alqoritmlər tətbiq edirlər ki, analara fasiləsiz reklam mesajları göndərilsin, onlar başqa saytlara, məsələn, uşaqlar üçün olan saytlara daxil olduqda və ya sosial şəbəkələrdən reklam saytlarına yönəldilir. «Qadınlar bu saytlara daxil olur, amma tamamilə xəbərsizdirlər ki, onları kim maliyyələşdirir». – deyə YUNİSEF-in eksperti Qrgyn Moloni bildirir.
«M&C Saatchi»nin keçirdiyi sorğu göstərib ki, reklam kampaniyalarının əsas hədəfi – 51% hallarda hamilə qadınlar və ya körpəsi olanlardır. Belə reklamlar isə avnaların öz uşaqlarını ana südü ilə böyütməklə bağlı inamlarını qırır.
Hesabatda başqa maraqlı məqam da var. Burada göstərilir ki, uşaq yeməklərinin istehsalı və satışı dərmanlar deyil, ərzaq məhsullarına aid qaydalarla tənzimlənir.
Bunun fərqi ondadır ki, nəzarət edici qurumlar uşaq yeməklərinin üzərində onun tərkibində olan inqredientlər, onların uşaqların sağlamlıqları və beyninə təsiri ilə bağlı ətraflı məlumatlar, eləcə də onların elmi təsdiqlənmiş sübutlarını tələb edə bilmirlər. Uşaq yeməkləri dərman sayılanda isə bunu tələb etmək mümkün ola bilərdi.
«Bəzi şirkətlər süd qarışıqlarını ana südünə bərabər, hətta ondan da faydalı kimi qələmə verirlər, amma bunların heç biri elmi cəhətdən sübut edilməymib» - deyə hesabatda bildirilir. Belə üsullar qadınları çaşdırır, onları dəqiq məlumatdan məhrum etməklə yemək seçimində səhv qərar verməyə yönləndirir.
Digər tədqiqat göstərib ki, dünyanın əksər ərazilərində uşağını ana südü ilə qidalandıran ailələrin sayı artmaqdadır. Amma onların həcmi 44% ətrafındadır ki, bu da 50%-lik qlobal hədəfdən aşağıdır. Bununla yanaşı, süni uşaq qidalarının və süd qarışıqlarnın satışları artmaqdadır - 2005-ci ildən 2019-cu ilədək 2 dəfə artım var.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu