Bəzən yuxusuzluğun səbəbi stress deyil, səhv seçilmiş axşam yeməyidir. Foodinfo.az xəbər verir ki, rusiyalı qidalanma mütəxəssisi Yuliya Xlopova düzgün tərtib edilmiş axşam menyusunun yuxu keyfiyyətini təbii şəkildə yaxşılaşdıra biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, yaxşı yuxunun açarı triptofan adlı amin turşusudur. Bu maddə “yuxu hormonu” melatoninin və “sakitlik hormonu” serotoninın yaranmasında əsas rol oynayır. Axşam yeməyinin məqsədi triptofanın beyin hüceyrələrinə rahat çatmasına kömək etməkdir və bunun üçün onu düzgün qidalarla birləşdirmək lazımdır.
Xlopova bildirib ki, axşam yeməyində triptofanla zəngin məhsullar mütləq yer almalıdır. Bunlara hind toyuğu, toyuq əti, yumurta, kəsmik, yoqurt, tofulu yeməklər, mərcimək, balıq və balqabaq tumları daxildir. Bu məhsullar orqanizmdə melatonin istehsalını artıraraq dərin yuxuya şərait yaradır.
Həmçinin mütəxəssis vurğulayıb ki, boşqabda mürəkkəb karbohidratlar da olmalıdır — məsələn, qəhvəyi düyü, kinoa, tam buğda çörəyi və ya yulaf sıyığı. Onlar insulinin ifrazını stimullaşdırır və bu hormon triptofanın beyinə daşınmasına yardım edir.
Xlopova əlavə edib ki, axşam yeməyində maqnezium və kaliumla zəngin ərzaqlara da yer verilməlidir. Bu minerallar — xüsusən ispanaq, banan, avokado və badam — əzələləri və sinir sistemini rahatladaraq orqanizmi yuxuya hazır vəziyyətə gətirir.
Ekspert xəbərdarlıq edib ki, gecə vaxtı ağır, yağlı və ədviyyatlı yeməklər, eləcə də qəhvə və qara çay kimi stimullaşdırıcı içkilər yuxunun keyfiyyətini ciddi şəkildə poza bilər. Şəkər və “sürətli karbohidratlar” da qan şəkərinin kəskin qalxmasına səbəb olaraq gecənin ortasında oyanmağa gətirib çıxarır.
Xlopovanın sözlərinə görə, ən sağlam variant yüngül, balanslı, zülal və mürəkkəb karbohidratlarla zəngin axşam yeməyidir. Belə menyu təkcə yuxunu dərinləşdirmir, həm də sinir sistemini sakitləşdirərək ertəsi gün enerjili oyanmağa imkan yaradır.






