Məktəbəqədər yaşlı uşaqların normal inkişafının təmin edilməsi üçün onların yaşlarına və fizioloji vəziyyətlərinə uyğun düzgün qidalandırılması vacib şərtlərdəndir.
Foodinfo.az-ın xəbərinə görə, AQTA-dan bildirilib ki, uşaqların anadan olandan sonra ilk 2 il ərzində ana südü ilə qidalanması onları xəstəliklərdən qoruyur, beynin inkişafını sürətləndirir. Ana südü uşaqların təhlükəsiz və bəsləyici qida ilə təminatına zəmanət verir. BMT-nin Uşaq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, körpələr doğulduqdan 1 saat sonra ana südü ilə qidalanmağa başlamalı və ilk 6 ayda yalnız ana südü ilə qidalanmalıdırlar. Bu proses minimum 2 yaş tamam olana qədər davam etdirilməlidir. Həmçinin 6 aydan sonra azyaşlıların qida rasionu əsasən taxıl əsaslı məhsullardan, həmçinin az miqdarda meyvə, tərəvəz, yumurta, süd məhsulları, balıq və ya qırmızı ətdən ibarət olmalıdır.
Sağlam qida rasionunun təşkili ilə yanaşı, qidalanma vərdişləri də uşaqların sağlam böyüməsi üçün vacib məsələlərdən biridir. Belə ki, uşaqların qidalanması üçün ev şəraitində yemək hazırlamaq, onlara müntəzəm olaraq planlaşdırılmış qəlyanaltılar vermək, planlaşdırılmamış qidalanmanı məhdudlaşdırmaq məsləhətdir. Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirərək onları düzgün olmayan davranışlardan (qida, əşya və oyuncaqlarla oynamaq və s.) çəkindirmək lazımdır. Eləcə də qaçmaq və ya oynamaq qidanın nəfəs borusuna gedərək boğulma ehtimalını yaratması səbəbindən qidalanma zamanı uşağın oturmuş halda olmasına əmin olmaq vacibdir. Eyni zamanda uşaqlara zamanla müxtəlif çeşid qidaları təklif etmək tövsiyə olunur. Çünki onlar getdikcə demək olar ki, bütün qidalardan istifadə etməyi öyrənəcəklər. Bununla yanaşı, yemək vaxtını mümkün qədər xoş keçirmək və uşaqları qidalanmaya məcbur etməmək lazımdır. Çünki məcburiyyət həddindən artıq qidalanmaya səbəb ola bilər ki, bu hal da uşaqlarda artıq çəkiyə gətirib çıxarar. Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq da məsləhətdir. Uşağın bu vərdişlərə yiyələnməsi üçün isə valideyn sağlam qidalanmalı və övladı üçün nümunə olmalıdır.