Yetkin insan bədəninin altmış faizini su təşkil edir. Bədənimizdəki mayelər: qan, sidik, göz yaşı, tər və s. əsasən sudan ibarətdir. Buna görə də sağlam bədənə sahib olmaq üçün kifayət qədər su içməliyik.

Foodinfo.az xəbər verir ki, içməli su qan dövranı, həzm, udma və tullantıların çıxarılması da daxil olmaqla, bədəndəki demək olar ki, hər bir funksiya üçün həyati əhəmiyyət kəsb edir. Hər bir insanın ehtiyac duyduğu suyun miqdarı fərqlidir. 

Bəs bədənin gündəlik nə qədər suya ehtiyacı var?   

Hər bir insanın ehtiyac duyduğu suyun miqdarını müəyyən edən xüsusi bir formula yoxdur. Amma adətən böyüklər üçün gündə 8 stəkan su içmək kifayətdir.

Bədəninizin suya ehtiyacını müəyyən etmək üçün bədəninizin tələbinə daha çox diqqət yetirməlisiniz. İsti və quru yerdə yaşayırsınızsa, faha çox su içmək lazımdır, ya da idman edirsinizsə, tərləmə ilə itirilən suyu əvəz etməlisiniz. Təxminən 30 dəqiqə davam edən tipik bir məşq üçün təxminən iki əlavə stəkan su istehlak edilməlidir.

Ancaq ümumiyyətlə mülayim bir təbiətdə yaşayan hər bir insan üçün normal şəraitdə gündə 8 stəkan su içmək kifayətdir.