Yaz mövsümünün gəlişi ilə bəlkə də ən çox müzakirə olunan meyvə alça sayılır. Bu dövrdə olduqca baha qiymətə satılan bu meyvənin sağlamlığımız üçün də bir çox faydaları vardır.
Bu barədə Foodinfo.az “Milliyet”in məlumatına əsasən xəbər verir.
Dietoloq Nilay Öngenin sözlərinə görə, alçanın tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları mövcuddur.
Xüsusilə tərkibindəki C vitamini sayəsində alça antioksidant rolunu oynayır. Dərimizin sağlamlığı üçün də əhəmiyyəti böyük olan bu vitamin yaraların tez sağalmasını təmin edir. Üstəlik alçanın kalorisi də olduqca aşağıdır. Belə ki, 10 ədəd alçanın tərkibindəki kalori cəmi 50-dir.
Dietoloq alçanın duzla birlikdə istifadəsindən qaçmağı tövsiyə edib. O, bildirib ki, alça ürək sağlamlığını qoruyur. Tərkibindəki kalium ürək əzələlərinin fəaliyyətini nizamlayır və qan təzyiqini aşağı salmaqla yüksək təzyiqin qarşısını alır.