Göbələk çox tez xarab olan, qaralan tərəvəzlərdəndir. Ancaq xoşbəxtlikdən, göbələklərin uzun müddət saxlanması üçün yollar var ki, qaralmadan və xarab olmadan hətta 6 aya qədər sağlam saxlanıla bilər.

Foodinfo.az bu yazıda göbələklərin qaralmaması və xarab olmaması üçün soyuducuda necə saxlamağın üsullarını qeyd edir.

Göbələkləri korlayan ən mühüm amil nəmdir. Buna görə də, heç bir halda göbələyi qapalı bir plastik torbaya töküb soyuducuya qoymayın.

Çünki bu göbələklərin tez xarab olmasına və qaralmasına səbəb olur.

Göbələkləri dondurucu plastikdən çıxarın. Onları yuyun və bir dəsmal ilə yaxşıca qurudun. Göbələkləri kağız torbaya qoyun, qapağı bağlayın və soyuducuya qoyun.

Kağız torba havanın yaxşı axmasına imkan verir və göbələklər nəm çəkmir və xarab olmur. Bu üsulla göbələkləri ən azı bir həftə təzə saxlaya bilərsiniz.

Göbələkləri soyuducunun meyvə bölməsinə qoymayın, çünki orada çoxlu nəm var. Həmçinin göbələk qoxunu tez qəbul etdiyi üçün göbələyi kəskin qoxusu olan yeməyin ətrafına qoymayın.

Göbələyi çox uzun müddət saxlamağı planlaşdırırsınızsa, onu dondurmalısınız. Göbələkləri donduraraq, təxminən 6 ay saxlaya bilərsiniz. 

Göbələkləri dondurucuda uzun müddət saxlamağın ən asan yolu budur: göbələkləri yaxşıca yuyun, qurudun, dondurucu plastikə qoyaraq dondurucuya qoyun.

Qızartma zamanı göbələklərin qırılmaması və boşalmaması üçün istifadə etməzdən 15 dəqiqə əvvəl dondurucudan çıxarıb istədiyiniz ölçülərdə kəsib tam əriməmiş qızardın. Göbələklərinizin tamamilə əriməsinə icazə versəniz, göbələklərin rəngi qaralar, sulu və pis olar.
Qeyd edək ki, göbələklərin donu çox tez açılır, yemək bişirmə vaxtından çox əvvəl  dondurucudan çıxarmayın.

Göbələkləri uzun müddət saxlamaq və dondurmaq üçün göbələkləri təmizləyib quruduqdan sonra istədiyiniz ölçüdə doğrayın və tavada yağ qızdıqdan sonra təxminən 2-3 dəqiqə qızardın və sonra artıq yağlarını çıxarmaq üçün süzgəcə qoyun. Soyuduqdan sonra plastik qaba qoyun və dondurun.

Bu üsulun yaxşı tərəfi odur ki, göbələkləriniz demək olar ki, qızardılıb və növbəti dəfə onlardan istifadə etmək üçün daha az vaxt sərf etmiş olacaqsınız. Təbii ki, bu üsulda göbələyin rəngi həmişə ağ qalır və heç qaralmır.

Qeyd: Göbələkləri qovurarkən üzərinə limon suyu əlavə edin. Limon suyu göbələklərin rəngini ağardır.

Digər təklif etdiyimiz üsul isə göbələkləri əvvəlki üsul kimi yuyub, istədiyiniz ölçüdə göbələkləri doğrayıb qazana bir az su töküb qaynatmaq, sonra göbələkləri qaynayan suya tökməkdir. Onları 5-10 dəqiqə qaynadın və sonra süzgəcə qoyun və soyuq su ilə yuyun. Sonda onları istədiyiniz miqdarda dondurucuya yığın və dondurun.