Güclü zəhər və kanserogen olan aflatoksin bir çox qida məhsulunda müşahidə oluna bilər. Qida mühəndisləri insanları pul bibəri alarkən və xüsusilə saxlayarkən diqqətli olmağa çağırıblar.
Foodinfo.az-ın məlumatına görə, süfrələrdən əskik olmayan bibər düzgün şəraitdə istehsal edilmədikdə və saxlanmadıqda sağlamlıq üçün təhlükə yarada bilər.
Mütəxəssislər pul bibərində "aflatoksin" adlı zəhərli və kanserogen maddənin ola biləcəyini vurğulayaraq, xüsusilə yay dövründə diqqətli olmağı məsləhət görürlər.
Pul bibər qaraciyərdən böyrəyə qədər hər şeyə təsir edərək zamanla orqanizmə zərər verə, bədəndə yığılaraq xroniki xəstəliklərə səbəb ola bilər.
İsti və rütubətli havalarda aflatoksin riski daha da artır. Ona görə də pul bibərin açıq yerdə satılması və ya rütubətli mühitlərdə qurudulması aflatoksin baxımından çox riskli hesab olunur.
Qidada olan aflatoksin maddəsini ancaq laboratoriya şəraitində aşkar etmək olar.
Bu riskə qarşı istehlakçılara hava ilə təmasda olmayan qablaşdırılmış pul bibəri alıb düzgün saxlamaları tövsiyə olunur.